Ronaldu komandanı və məni məyus etdi. Çünki mövsüm üçün planlarımızı onun da komandada olacağını nəzərə alaraq qurmuşduq.
NUHÇIXAN xəbər verir ki, bunu “Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq “The Athletic” nəşrinə müsahibəsində deyib.
Niderlandlı mütəxəssis Kriştianu Ronaldo ilə yaşadığı gərginlik, portuqaliyalı futbolçunun məşqlərə münasibəti və klubdakı intizam problemləri barədə danışıb. Ten Haqın sözlərinə görə, o, komandada öz qaydalarını tətbiq etmək üçün bəzən sərt davranmalı olub: “Bununla yanaşı, yaxşı nəticə qazanmaq üçün ən uyğun hesab etdiyi futbolçuları meydana buraxmalı idi. Mütəxəssis bu baxımdan Ronaldunun vəziyyətini xatırladıb: “Mançester Yunayted”ə gəlməzdən əvvəl qarşıya qoyduğum məqsədlər barədə onunla danışmaq üçün Portuqaliyaya getmişdim. Şübhəsiz, Kriştianu futbol tarixinin ən yaxşı oyunçularından biridir və mən ona böyük hörmət bəsləyirdim. Lakin həmin vaxt baş məşqçi kimi rasional qərar verməli və komandada saxlamaq istədiyim futbolçularla bağlı seçim etməli idim”.
Sabiq baş məşqçinin sözlərinə görə, Ronaldu bəzi məşqlərdə iştirakdan imtina edir, tələb olunan fiziki göstəricilərə çatmırdı. Ten Haq 2022-ci ilin avqustunda “Brentford”a 0:4 hesablı məğlubiyyətdən sonra futbolçulara üç dövrə qaçış tapşırığı verdiyini, Ronaldonun isə bu məsafənin yalnız iki dövrəsini tamamladığını deyib: “Mən onunla bu barədə danışdım. Ronalduya dəfələrlə demişdim ki, hamı səni düzgün mövqeyə çıxarmaq üçün çalışır. Ancaq cərimə meydançasına daxil ola bilməsən, qol vura bilməyəcəksən”. O, bunu yerinə yetirə bilmirdi. Mənim ondan rəqibə pressinq göstərməsini və bu səbəbdən tükənməsini tələb etdiyimi söyləmək düzgün deyil. O, bunu edə bilmirdi. Həm top bizdə olanda, həm də topu itirəndə kifayət qədər hərəkət etmirdi. Səbəb isə lazımi səviyyədə hazırlaşmaması idi”.
Ten Haq ulduz futbolçuların da kollektivin maraqlarına uyğun davranmalı olduğunu bildirib: “Hər böyük komanda öz ulduz futbolçusuna sahib çıxmalıdır. Ancaq həmin futbolçu da komanda üçün çalışmalıdır”.
Mütəxəssis Ronaldunun məşq zamanı digər oyunçulara güclərini qorumağı tövsiyə etdiyini də iddia edib. Onun fikrincə, futbolçu yüksək fiziki hazırlıq səviyyəsinə çatdıqdan sonra məşqlərdə gücünü qorumağa çalışa bilər.
Ten Haq hesab edir ki, Ronaldunun komandadakı mövqeyi digər futbolçulara da təsir göstərib: “Futbolçular öz üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Bəzi oyunçular üçün futbol həyatda ən vacib məsələ deyil. Bəziləri üçün isə “Mançester Yunayted” prioritet təşkil etmirdi”.
Qeyd edək ki, Erik ten Haq “Mançester Yunayted”ə “Ayaks”dakı uğurlu çıxışından sonra dəvət olunmuşdu. “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazansa da, 2024-cü ilin oktyabrında baş məşqçi vəzifəsindən ayrılmışdı. O, hazırda Niderlandın “Tvente” klubunda texniki direktor vəzifəsini tutur.
