IRENA: 2035-ci ilədək elektrikləşdirmə nisbətini 35 faizə çatdırmaq üçün yalnız istehsal gücünün artırılması kifayət etməyəcək
2035-ci ilə qədər enerji sistemində elektrikləşdirmə nisbətini 35 faizə çatdırmaq məqsədinə nail olmaq üçün yalnız elektrik enerjisi istehsal gücünün artırılması kifayət etməyəcək.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera deyib.
O bildirib ki, Paris Sazişinin məqsədlərinə çatmaq üçün elektrikləşdirmənin sürətləndirilməsi, elektrik şəbəkələrinin gücləndirilməsi, sənayenin və iqtisadiyyatın dekarbonizasiyası vacibdir. Paris Sazişinin məqsədlərinə uyğun bir enerji sistemi üçün ümumi enerji sistemində elektrik enerjisinin payı artırılmalıdır. Elektrikləşdirmə ilə yanaşı, elektrik şəbəkələri, enerji saxlama və infrastruktur investisiyalar da enerji keçidinin əsas komponentləri arasındadır. COP29-da razılaşdırılmış mövzuların davam etdirilməsi beynəlxalq iqlim səylərində ardıcıllığı təmin edəcək.
“Sistem daxilində elektrik enerjisinin paylanmasını təmin edəcək infrastruktur da inkişaf etdirilməlidir. Şəbəkələrin bir-biri ilə əlaqəli, çevik və balanslı olması çox vacibdir. İstənilən nəticəyə nail olmaq üçün infrastruktur vacibdir. Əvvəllər elektrikləşdirilməsi çətin hesab edilən sahələrdə, məsələn, binalarda, avtomobillərdə, nəqliyyatda və sənayedə transformasiya sürətlənib. Süni intellekt və məlumat mərkəzləri də elektrik enerjisinə tələbatı artıran amillər arasındadır. Paris Sazişinin məqsədlərinə uyğunlaşmaq üçün sənayenin və iqtisadiyyatın dekarbonizasiyası zəruridir. Bu prosesdə enerjiyə və elektrik enerjisinə artan tələbat da nəzərə alınmalıdır”, - deyə Françesko La Kamera əlavə edib.
