Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” akkumulyatorlardakı qüsurlara görə dünya üzrə 72 min 700 elektrikli avtomobilini servisə çağırır.
NUHÇIXAN xəbər verir ki, Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinin (KBA) məlumatına əsasən, geriçağırılma əsasən ID.3, ID.4, ID.7, ID. Buzz və konsernin İspaniya markası “Cupra”nın “Born” modellərinə aiddir. “Volkswagen” modelləri üzrə kampaniyalar 2022-2025-ci illərdə, “Cupra Born” üzrə isə 2022-2024-cü illərdə istehsal edilmiş avtomobilləri əhatə edir.
Şirkətin daxili keyfiyyət yoxlamaları müəyyən avtomobillərin akkumulyatorlarında yüksəkgərginlikli elementlərin tələblərə cavab vermədiyini müəyyən edib. Səbəb təchizatçılardakı istehsal qüsurlarıdır. “Volkswagen” bu problemin nadir hallarda batareyaların həddindən artıq qızmasına, ən ağır halda isə yanğına səbəb ola biləcəyindən narahatdır. Hadisə ilə əlaqədar maddi və ya fiziki zərərin indiyədək qeydə alınmadığı bildirilib.
Bu barədə avtomobil sahiblərinə məlumat veriləcək. Avtomobillər yoxlanılanadək batareyaların maksimum 80 faizədək doldurulması və xəbərdarlıq stikerlərinin yerləşdirilməsi tövsiyə olunur. Qüsurun aradan qaldırılması üçün bəzi hallarda proqram təminatının yenilənməsi kifayət edə bilər.
Qeyd edək ki, bu, “Volkswagen”in son həftələrdə ikinci böyük geriçağırılma kampaniyasıdır. Sentyabrın sonunda sükan sistemindəki qüsura görə konsern dünya üzrə təxminən 5 milyon avtomobili servisə çağırmışdı.
