Putin və Uitkoff Ukrayna münaqişəsinin nizamlanmasını və ikitərəfli iqtisadi əlaqələri müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb. Müzakirələr Ukraynadakı münaqişənin həlli və Rusiya-Amerika iqtisadi əməkdaşlığının bərpası perspektivləri ətrafında aparılıb.
NUHÇIXAN xəbər verir ki, Vladimir Putin Ukrayna münaqişəsinin həllinə göstərdiyi diqqətə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. O qeyd edib ki, son söhbətində Amerika lideri insan tələfatının qarşısını almaq üçün münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb.
Rusiya Prezidenti, həmçinin ABŞ ilə iqtisadi əməkdaşlığın bərpasında maraqlı olduğunu bildirib. O, İran ətrafındakı vəziyyəti qiymətləndirməyin zəruriliyini də diqqətə çatdırıb və Rusiyanın münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib.
Uitkoff isə oktyabrın 20-də Osloda Ukrayna Prezidenti Volodimir Zelenski, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin iştirakı ilə keçirilən danışıqları məhsuldar adlandırıb. O, Ukrayna münaqişəsinin həllində irəliləyişlər olduğunu bildirib. ABŞ rəsmisi Ukraynada atəşkəsə nail olmaq üçün mövcud şəraiti qiymətləndirib. Xüsusi elçi Vladimir Putinin texniki məsələləri müzakirə etmək məqsədilə Rusiya-ABŞ-Ukrayna formatında danışıqların bərpasını nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib. Uitkoff, həmçinin Ukrayna münaqişəsinin həllinə yanaşmaları müəyyən edən sənədlər gətirdiyini açıqlayıb.
İqtisadi münasibətlərdən danışan amerikalı diplomat Ukraynadakı münaqişə bitdikdən sonra onların inkişaf perspektivlərini vurğulayıb. Xüsusi nümayəndə Donald Trampın adından Rusiya Prezidentinə “dizel müqaviləsi” ilə bağlı qərarına görə təşəkkür edib.
