İranlı general: İnfrastrukturumuz hədəf alınarsa, Hörmüz boğazının dibindən keçən kabelləri məhv edə bilərik
İslam İnqilabı Keşikçiləri Korpusu komandanının siyasi məsələlər üzrə müavini, briqada generalı Yadullah Cavani ABŞ və müttəfiqlərini İranın infrastrukturu hədəf alınacağı təqdirdə Hörmüz boğazı altından keçən internet kabellərini məhv etməklə hədələyib.
NUHÇIXAN xəbər verir ki, iranlı general “Əl-Aləm” nəşrinə müsahibəsində Tehranın yeni strateji hədəflərini açıqlayıb.
ABŞ-nin regiondan tamamilə çıxmalı olduğunu bildirən Cavani bölgədəki vəziyyətin heç vaxt müharibədən əvvəlki dövrə qayıtmayacağını deyib. O əlavə edib: “ABŞ və müttəfiqlərinin böyük kapitalı var və əgər onlar bizim infrastrukturumuzu hədəfə alsalar, İran bütün imkanlarından istifadə edəcək. İran Hörmüz boğazının altından keçən internet kabellərini asanlıqla məhv edə bilər”.
Korpusun sözçüsü, briqada generalı Hüseyn Mühibbi də bir gün əvvəl verdiyi açıqlamada Hörmüz boğazının altından keçən, qlobal internet və kommersiya məlumat axınını daşıyan yeddi əsas kabelə potensial hücum barədə işarə edib.
“TeleGeography” və “Submarine Networks” məlumat bazalarına görə, Hörmüz boğazında və Körfəz oxunda qlobal məlumat axınının 97 faizindən çoxunu daşıyan sualtı kabel şəbəkəsinin azı yeddi əsas sistemi mövcuddur.
Hörmüz boğazının dibi ilə çəkilmiş vacib fiber-optik xətlər təkcə Körfəz ölkələrinin internetə çıxışına deyil, həm də trilyonlarla dollar dəyərində neft və qaz ticarətinin maliyyə əməliyyatlarına, habelə hərbi bazaların bəzi logistika məlumat şəbəkələrinə təsir göstərir.
