Böyük Britaniyanın dövlət borcu tarixdə ilk dəfə 3 trilyon funt sterlinq həddini keçərək rekord səviyyəyə çatıb.
NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, sentyabr ayında ölkənin ümumi dövlət borcu 3,005 trilyon funt sterlinq təşkil edib.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara əsasən, bu göstərici gələn həftə dövlət büdcəsinin təqdimatı ərəfəsində dövlət maliyyəsi üzərində təzyiqlərin artdığını göstərir. Dövlət borcunun gözləniləndən daha sürətlə artmasının əsas səbəblərindən biri İranda davam edən müharibənin təsiri ilə borclanma xərclərinin artmasıdır.
Münaqişənin enerji bazarlarında yaratdığı böhran inflyasiyanın da artmasına səbəb olub. Belə ki, avqust ayında 3,1 faiz təşkil edən illik inflyasiya sentyabrda 3,5 faizə yüksələrək cari ilin ən yüksək səviyyəsinə çatıb. ONS-in məlumatına görə, sentyabr ayında hökumət vergi daxilolmaları ilə dövlət xərcləri arasındakı fərqi ödəmək üçün 24,5 milyard funt sterlinq həcmində borclanıb.
Hazırda Böyük Britaniyanın dövlət borcu ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 94 faizinə bərabərdir. Bu isə hər ev təsərrüfatına 100 min funt sterlinqdən çox dövlət borcunun düşməsi deməkdir.
Qeyd edək ki, Böyük Britaniyanın dövlət borcu ilk dəfə 2010-cu ilin fevralında 1 trilyon funt sterlinqi keçib. COVID-19 pandemiyası dövründə, 2020-ci ilin iyununda isə 2 trilyon funt sterlinq həddinə çatıb. Dövlət borcunun 2 trilyondan 3 trilyon funt sterlinqə yüksəlməsi üçün cəmi altı il kifayət edib.
