Rusiya ölkəyə giriş üçün elektron icazənin məcburi olmasını nəzərdə tutan yeni qərarın tətbiqi qaydaları ilə bağlı Qazaxıstan hakimiyyətindən əlavə izahat gözləyir.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Diplomatın sözlərinə görə, Moskva Astananın miqrasiya qanunvericiliyini təkmilləşdirmək hüququna hörmətlə yanaşır. Bununla belə, yeni müddəalar Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşlarına da şamil olunduğundan, Rusiya müvafiq izahatlar istəyir.
“İttifaq çərçivəsində və Avrasiya məkanındakı digər miqrasiya birlikləri daxilində mövcud beynəlxalq razılaşmaları da nəzərə almaqla, bu müddəaların tətbiqi qaydaları ilə bağlı Qazaxıstan tərəfinin əlavə izahatlarını gözləyirik”, – deyə Zaxarova bildirib.
