Yaponiyada geniş istifadə olunan PHP proqramlaşdırma dilində təhlükəsizlik boşluqlarının aşkarlanması bir sıra dövlət qurumlarının və şirkətlərin internet xidmətlərinin müvəqqəti dayandırılmasına səbəb olub.
NUHÇIXAN Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Maliyyə, Səhiyyə, Əmək və Rifah nazirlikləri də daxil olmaqla, bəzi dövlət qurumlarının saytlarında müəyyən funksiyalar məhdudlaşdırılıb.
Hökumət rəsmisi Minoru Kihara bildirib ki, aşkarlanan boşluqlarla əlaqədar dövlət saytlarına zərər dəyməyib. Bununla belə, mümkün kibertəhlükələrin qarşısını almaq üçün profilaktik tədbirlər görülüb.
Məlumata görə, təhlükəsizlik tədbirləri özəl sektora da təsir edib.
PHP internet saytlarının işləməsində geniş istifadə olunan proqramlaşdırma dilidir. Aşkarlanan təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün yeniləmələr yayımlanıb, sayt operatorlarına həmin düzəlişləri mümkün qədər tez tətbiq etmək tövsiyə olunub.
