BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib

A- A A+

BMT Baş Assambleyasının Xüsusi Siyasi Məsələlər və Dekolonizasiya üzrə Dördüncü Komitəsində Fransız Polineziyasına dair qətnamə layihəsi 159 lehinə, 2 əleyhinə və 4 bitərəf səslə qəbul edilib. Fransa qətnamə layihəsini dəstəkləməyərək bitərəf qalan dörd ölkədən biri olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun məlumatında əksini tapıb.

Məlumatda qeyd olunub ki, qətnamə layihəsində Fransız Polineziyası xalqının öz müqəddəratını təyinetmə hüququ bir daha təsdiqlənir, Fransadan dekolonizasiya prosesində BMT ilə əməkdaşlıq etməsi və bu istiqamətdə konkret addımlar atması tələb olunur. Xüsusilə BMT-nin Müstəmləkəçiliyin ləğvi üzrə Xüsusi Komitəsinin (C-24) əraziyə faktaraşdırıcı missiyasının göndərilməsinə şərait yaradılması, BMT-nin himayəsi altında müvafiq iş proqramının hazırlanması, habelə öz müqəddəratını təyinetmə prosesinin şərtləri və müddətləri barədə Fransa ilə yerli hakimiyyət orqanları arasında strukturlaşdırılmış dialoqun başlanması nəzərdə tutulur. Sənəddə, həmçinin yerli əhalinin təbii sərvətləri üzərində hüquqları və Fransanın 1966-1996-cı illərdə həyata keçirdiyi nüvə sınaqlarının fəsadları ilə bağlı məsələlərə diqqət yetirilir.

Fransız Polineziyasının müstəqilliyi uğurunda mübarizə aparan “Tavini Huiraatira” partiyası yaydığı bəyanatda səsvermənin nəticələrini Fransanın regionda davam edən müstəmləkə siyasətinə qarşı mühüm beynəlxalq siyasi mesaj kimi qiymətləndirib. Bildirilib ki, 159 ölkənin qətnaməni dəstəkləməsi Fransız Polineziyası da daxil olmaqla, Sakit okeandakı özünü idarə etməyən ərazilərin dekolonizasiyası prosesinin BMT-nin nəzarətində saxlanılmasına geniş beynəlxalq dəstəyi nümayiş etdirir. BMT-də 159 ölkənin dekolonizasiya prosesini dəstəklədiyi bir şəraitdə Fransanın bitərəf mövqe tutması onun müstəmləkə keçmişindən öz xoşuna əl çəkməyəcəyini göstərir. Tavini Huiraatira partiyasının bəyanatında dekolonizasiya prosesinin sürətləndirilməsi üçün üç əsas istiqamət üzrə konkret addımların atılması tələb olunur. Bunlara BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C24) Fransız Polineziyasına faktaraşdırıcı missiya göndərməsi və yerli əhalinin mövqeyini birbaşa öyrənməsi, BMT-nin himayəsi altında müvafiq təminatlarla müşayiət olunan iş proqramının hazırlanması, həmçinin dekolonizasiya prosesinin mərhələləri və vaxt qrafiki ilə bağlı Fransa dövləti ilə strukturlaşdırılmış dialoqun aparılması daxildir.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Fransız Polineziyasının azadlıq hərəkatı olan "Tavini Huiraatira" partiyasına dəstək verməkdə davam edir. Yarandığı gündən etibarən müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsinin dünyaya çatdırılmasında mərkəzi platformaya çevrilən Bakı Təşəbbüs Qrupu, "Tavini Huiraatira" ilə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Polineziya xalqının hüquqlarının beynəlxalq arenada, o cümlədən BMT çərçivəsində müdafiə olunması istiqamətində ardıcıl fəaliyyət göstərir.

BTQ tərəfindən Bakıda və müxtəlif beynəlxalq platformalarda təşkil olunan konfranslar, aparılan elmi araşdımalar və Dənizaşırı ərazilərdəki neokolonializm siyasətinin ifşasına yönəlmiş qlobal layihələr bu tarixi qətnamənin qəbulu üçün zəruri beynəlxalq rəyin və həmrəyliyin formalaşmasında əhəmiyyətli rol oynayıb.

Xatırladaq ki, BTQ tərəfindən BMT-nin sözügedən qətnaməsini dəstəkləyən açıqlama yayılmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: