Britaniyanın ən böyük banklarından biri süni intellekt texnologiyalarının tətbiqindən sonra əməkdaşlarını ixtisar edir
Böyük Britaniyanın ən böyük banklarından biri olan “Barclays” süni intellekt texnologiyalarının tətbiqini genişləndirməsi fonunda 2026-cı ilin sonunadək təxminən 5 min əməkdaşını ixtisar etməyi planlaşdırır.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, bank artıq 1000 iş yerini ləğv edib, daha 4 min vəzifənin isə ilin sonunadək ixtisar olunacağı gözlənilir.
İxtisarlar bankın dünya üzrə ümumi işçi qüvvəsinin təxminən 5 faizini əhatə edəcək. İş yerlərinin azaldılması əsasən əməliyyat və inzibati funksiyaları yerinə yetirən əməkdaşlara təsir göstərəcək.
Bankın açıqlamasına görə, ixtisarlar texnologiyaya yatırılan investisiyalarla əlaqədardır. Süni intellektin tətbiqi bir sıra iş proseslərinin avtomatlaşdırılmasına və səmərəliliyin artırılmasına imkan yaradır.
Bank son hesabat rübündə 2,3 milyard funt sterlinq mənfəət əldə etdiyini açıqlayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə yüksək olsa da, analitiklərin proqnozlarından bir qədər aşağıdır. Qeyd edək ki, iqtisadçılar süni intellekt və digər yeni texnologiyalara yatırılan investisiyaların şirkətlərin fəaliyyətinə, əmək məhsuldarlığına və məşğulluğa təsirini diqqətlə izləyirlər.
