“Real Madrid”in futbolçusu Vinisius Juniorun çıxışındakı problemlər həm qol statistikasında, həm də driblinqlərin sayında özünü göstərir.
NUHÇIXAN Opta statistika agentliyinə istinadən xəbər verir ki, braziliyalı hücumçu son iki qarşılaşmada – “Roma” və “Leypsiq”lə oyunlarda rəqiblərini driblinqlə keçməyə bir dəfə də cəhd göstərməyib. Bu, forvardın şəxsi antirekordu hesab olunur. O, “Real Madrid”in heyətində əsas oyunçu kimi meydana çıxdığı ardıcıl iki matçda ilk dəfə driblinq cəhdi etməyib. Əvvəlki 309 oyunda bu hal cəmi üç dəfə qeydə alınıb.
Vinisius cari mövsümdə keçirdiyi 11 oyunda cəmi bir qol vurub. O, “Real Madrid”in heyətində son 9 matçda fərqlənə bilməyib.
“Real Madrid” ötən gün UEFA Çempionlar Liqasının III turunda “Leypsiq”i 4:1 hesabı ilə məğlub edib. Vinisius 70-ci dəqiqədə əvəzlənib. Onun yerinə meydana daxil olan Yan Diomande isə keçmiş komandasına qarşı oyunda bir qol vurub və bir məhsuldar ötürmə verərək qələbədə mühüm rol oynayıb.
Qeyd edək ki, Vinisius Junior sonuncu dəfə avqustun 26-da İspaniya La Liqasında “Real Sosyedad”la qarşılaşmada qol vurub. Həmin görüş “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Vinisiusun son məhsuldar ötürməsi isə sentyabrın 12-də “Rayo Valyekano” ilə oyunda qeydə alınıb. Bu qarşılaşmada da Madrid klubu eyni hesabla qalib gəlib.
