Rusiyanın Kursk və Lipetsk vilayətlərində pilotsuz uçuş aparatlarının hücumları nəticəsində iki nəfər xəsarət alıb
Rusiyanın Kursk və Lipetsk vilayətlərində pilotsuz uçuş aparatlarının hücumları nəticəsində iki nəfər xəsarət alıb, yaşayış evlərinə və poliklinika binasına ziyan dəyib.
NUHÇIXAN xəbər verir ki, Kursk vilayətinin qubernatoru Aleksandr Xişteynin məlumatına görə, FPV tipli dron Rılski rayonunun Kuybışev adına qəsəbəsində yerləşən şəkər zavodunun ərazisinə hücum edib. Hadisə nəticəsində 49 yaşlı qadın yaralanıb. O, özü xəstəxanaya müraciət edib.
Regional rəhbərin bildirdiyinə görə, bu, oktyabrın əvvəlindən müəssisəyə edilən üçüncü hücumdur.
Lipetsk vilayətinin qubernatoru İqor Artamonovun sözlərinə görə, Lipetsk şəhərinin müxtəlif rayonlarında bir neçə fərdi yaşayış evinin və çoxmənzilli binanın fasadlarına, eləcə də pəncərələrinə ziyan dəyib. 2001-ci il təvəllüdlü kişi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Pilotsuz uçuş aparatının qalıqları poliklinika binasına da ziyan vurub. Hadisə baş verən zaman tibb müəssisəsi bağlı olub və binada heç kim olmayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində hava hücumundan müdafiə vasitələri Rusiyanın regionları və Qara dəniz akvatoriyası üzərində Ukraynaya məxsus 808 pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
