Almaniya Federal Baş Prokurorluğu Rusiyanın xüsusi xidmət orqanı üçün casusluq fəaliyyəti göstərməkdə şübhəli bilinən Ukrayna vətəndaşının saxlanıldığını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, prokurorluğun məlumatında şübhəli şəxsin oktyabrın 22-də Brandenburq əyalətində saxlanıldığı bildirilib.
Məlumata əsasən, həmin şəxs 2025-ci ilin iyulundan etibarən vasitəçi üzərindən Rusiya kəşfiyyat xidməti ilə əlaqədə olub. Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda o, Almaniyadan hərbi əhəmiyyət daşıyan məlumatlar toplayıb.
Toplanan məlumatlara zirehli texnikanın, döyüş sursatlarının və partlayıcı maddələrin istehsalı, habelə NATO-nun Şərq cinahının müdafiəsinin təmin edilməsi ilə bağlı məntəqələrdəki şəxsi heyət və hərbi obyektlər barədə məlumatlar daxil olub. Məlumatların bir qismi açıq mənbələrdən əldə edilsə də, şübhəli şəxs digər məlumatları toplamaq üçün Avropanın müdafiə sənayesi sahəsində çalışan şəxslərlə məqsədyönlü şəkildə əlaqə qurub.
İş üzrə istintaq başlanıb.
