Fransada əhalinin təxminən beşdə biri artan yaşayış xərcləri səbəbindən hər ay bank hesabında mənfi balansla üzləşir. Bu gün dərc olunan və “Panorabanques” müqayisə platforması tərəfindən aparılan araşdırmaya görə, bu halların əksəriyyətində borc 200 avrodan az olur və bir həftədən qısa müddətdə ödənilir.
NUHÇIXAN xəbər verir ki, iyul ayında keçirilən sorğuda iştirak edənlərin 18 faizi hər ay hesablarının mənfiyə düşdüyünü bildirib. Fransızların 43 faizi isə bu vəziyyətlə ildə ən azı bir dəfə qarşılaşırlar. 2025-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 16 və 41 faiz təşkil edib.
Təxminən 2 min nəfərin iştirak etdiyi sorğuya əsasən, bank hesablarında yaranan maliyyə çatışmazlığının başlıca səbəbi enerji, ərzaq və yanacağın bahalaşmasıdır. Gözlənilməz iri xərclər və ümumilikdə çətin maliyyə vəziyyəti də digər əsas səbəblər arasındadır.
Alıcılıq qabiliyyətinin azalması minlərlə insanı oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində keçirilən və həyat bahalığına etiraz məqsədi daşıyan aksiyalara çıxarıb.
Fransada noyabrın 20-dən etibarən bank hesablarında mənfi balansa düşmə ilə bağlı qaydalar sərtləşdiriləcək. Avropa İttifaqının yeni qərarına əsasən, hətta 200 avrodan az olan xırda mənfi balanslar belə adi kreditlər kimi daha ciddi və sərt qaydalarla tənzimlənəcək.
