Yük maşını sürücülərinin və fermerlərin yaşayış xərclərinin, yanacağın qiymətinin yüksək olmasına qarşı etirazları supermarketlərə məhsul tədarükü zəncirini pozur. Məhsul qıtlığından daha tez xarab olan ərzaqlar əziyyət çəkir.
NUHÇIXAN xəbər verir ki, İtaliyada mağazaların rəfləri boşalır. Ölkə üzrə supermarketlərdə məhsul çatışmazlığı yaranıb. Yük maşını sürücülərinin yanacağın qiymətinin və yaşayış xərclərinin yüksək olmasına qarşı etirazları məhsulların mağazalara çatdırılmasına mane olur. İtaliyada kəskin iqtisadi qeyri-sabitlik hökm sürür. Bu vəziyyət Fransada olduğu kimi, oktyabrın 17-də başlayan həftəsonu iğtişaşlara və talanlara səbəb olub.
Yük maşını sürücülərinin etirazları oktyabrın ortalarında İtaliyanın cənubunda başlayıb. Kalabriyada yanacaq çatışmazlığı səbəbindən hətta iki hava limanının fəaliyyəti dayandırılıb. Neapol ətrafında yolların bağlanması uzun tıxaclara səbəb olub. Etirazlar Emiliya-Romanya regionunun Ravenna şəhərində də keçirilib və ölkənin şimalına yayılıb.
Məhsul qıtlığından ən çox İtaliyanın cənubundakı supermarketlər zərər çəkib.
“Coop” və “Conad” supermarket şəbəkələri təchizat zəncirindən asılı olaraq məhsulların tədarükündə qeyri-sabitlik və qeyri-bərabərlik müşahidə olunduğunu bildirirlər. Xüsusilə üzüm, klementin, limon və tərəvəzlərin tədarükündə çətinliklər yaranıb. Ümumilikdə, qıtlıqdan daha tez xarab olan məhsullar əziyyət çəkir. Bununla belə, bəzi regionlarda hətta quru ərzaq məhsullarının da çatışmazlığı yaranıb. Meyvə, tərəvəz, süd, ət kimi böyük həcmli təzə məhsullar yük maşınlarında və anbarlarda qalıb və mağazaların rəflərinə çatdırılmamış xarab olmaq təhlükəsi ilə üzləşib.
Baş nazir Corcia Meloninin ofisinin məlumatına görə, İtaliya hökuməti oktyabrın 22-də yük maşını sürücülərinə və fermerlərə yeni yardım tədbirləri elan edəcək. Hökumət artıq yanacağın bahalaşmasının təsirlərini azaltmaq və daha az yanacaq sərf edən yeni avtomobillərin alınmasını maliyyələşdirmək məqsədilə yük maşını sürücülərinə dəstək üçün 1 milyard avro vəsait ayırıb.
İnfrastruktur və nəqliyyat naziri Edoardo Riksi bildirib ki, etirazlar bəzi xəstəxanalara məhsul tədarükünü də dayandırıb. O, yolların bağlanmasına son qoymağa çağırıb və hökumətin daha qətiyyətli tədbirlər görə biləcəyini vurğulayıb.
