İsveçdə sosial müdafiə sisteminin zəifləməsi fonunda yoxsulluq artır

A- A A+

İsveçdə son dörd il ərzində maddi və sosial yoxsulluq içində yaşayan əhalinin payı iki dəfədən çox artıb.

NUHÇIXAN xəbər verir ki, “Stadsmissionen” xeyriyyə təşkilatının hesabatına görə, 2021-ci ildən 2025-ci ilədək bu göstərici 3 faizdən 7 faizə yüksəlib.

Eyni zamanda, ölkədə əhalinin borc yükü ilə bağlı problem də getdikcə dərinləşir. Ötən il təxminən 500 min nəfərin, yəni İsveç əhalisinin 5 faizinin borc öhdəlikləri həddindən artıq yüksək olub. Son 20 ildən çox müddətdə belə yüksək göstərici qeydə alınmayıb.

Əhalinin maddi vəziyyətinin pisləşməsi fonunda isveçli tədqiqatçılar sosial müdafiə sistemində ciddi çatışmazlıqların olduğunu bildirirlər. Onların fikrincə, bu sistem yoxsulluğun qarşısını almaq kimi əsas vəzifəni getdikcə daha zəif yerinə yetirir. Sosial sığorta sahəsində qanunvericiliyi araşdıran professorlar son illərdə vətəndaşların sosial təminatlarının əhəmiyyətli dərəcədə zəiflədiyi qənaətinə gəliblər. Tədqiqatçıların sözlərinə görə, bu dəyişikliklər hakimiyyətdə hansı siyasi qüvvələrin olmasından asılı olmayaraq, tədricən baş verib.

Əsas problemlərdən biri sosial müavinət almaq üçün tələblərin sərtləşdirilməsidir. Qanunvericilik o qədər mürəkkəbləşib ki, vətəndaşlar çox vaxt hansı hüquqlara malik olduqlarını müəyyənləşdirməkdə və müavinət almaq üçün tələb olunan şərtləri yerinə yetirməkdə çətinlik çəkirlər.

Bundan əlavə, bu il iyulun 1-dən etibarən səhvən ödənilmiş sosial müavinətləri alan şəxslər həmin vəsaitin geri qaytarılması tələbi ilə yanaşı, əlavə cərimə ilə də üzləşə və ya gələcəkdə müavinət almaq hüququndan məhrum edilə bilərlər. Bu tədbirlər maddi vəziyyəti onsuz da ağır olan vətəndaşlara xüsusilə ciddi təsir göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: