Cənubi Koreya iki ölkə arasındakı sərhədin demarkasiyasına dair ziddiyyətli mövqeləri müzakirə etmək məqsədilə Şimali Koreyaya danışıqlar aparmağı təklif edib. Bu addım ötən ay iki ölkə arasındakı demilitarizasiya zonasında (DMZ) baş verən mina partlayışı nəticəsində yaranan gərginliyi azaltmaq məqsədi daşıyır.
NUHÇIXAN Cənubi Koreya mediasına istinadla xəbər verir ki, iki Koreyanı ayıran sərhəd xəttinə istinad edən müdafiə nazirinin müavini Kim Honq-çol hərbi demarkasiya xətti (MDL) ilə bağlı fərqli yanaşmaların hələ də qaldığını deyib. "Cənubi Koreya Müdafiə Nazirliyi bununla Şimali Koreya rəsmilərinə hərbi danışıqlar aparmağı rəsmən təklif edir. Məqsəd quru ərazidəki hərbi demarkasiya xəttinin yerini birgə dəqiqləşdirmək, hərbi əlaqə xətlərini bərpa etmək və sərhəd boyu təsadüfi toqquşmaların qarşısını almaq üçün tədbirləri müzakirə etməkdir", - deyə nazir müavini bildirib. O, sərhəd bölgəsini tənzimləyən və atəşkəs sazişinin icrasına nəzarət edən BMT Komandanlığının (UNC) da iştirak edəcəyi üçtərəfli dialoqun mümkünlüyünü vurğulayıb.
Kim Honq-çol hər iki tərəfin sərhəd xətlərinə dair ziddiyyətli şərhlərə əsaslanaraq öz əsgərlərini sərhəd bölgəsində saxlamağa davam edəcəyi təqdirdə, gələcəkdə toqquşmaların baş verə biləcəyindən narahatlığını ifadə edib və məsələnin həlli üçün təcili tədbirlər görülməsinə çağırıb. “Yaranacaq zərər yalnız bir tərəflə məhdudlaşmayacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, gərginliyin hazırkı artımı Seulun Şimali Koreya qüvvələrinin dəfələrlə demarkasiya xəttini keçərək sərhəddə istehkam işləri apardığına dair şübhələri fonunda baş verir. Bu hərəkətlər 1950-1953-cü illər Koreya müharibəsini dayandıran atəşkəs sazişinin pozulması ehtimalını yaradır. Sentyabrın 21-də DMZ-də baş verən və Cənubi Koreyanın 3 hərbçisinin yaralanması ilə nəticələnən mina partlayışına görə Seulun Şimali Koreyanı günahlandırmasından sonra tərəflər arasında sərt bəyanatlar mübadiləsi yaşanıb. Pxenyan məsuliyyəti rədd edib və zərurət yaranarsa, sərhəd boyu hərbi addımlar atacağını bəyan edib. Seul ötən il sərhəd demarkasiyasını müzakirə etmək üçün yüksək vəzifəli hərbi rəsmilər arasında oxşar dialoq təklifi irəli sürmüşdü, lakin Pxenyan təklifə cavab verməyib.
