Noyabrın birinci yarısında Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli formatda keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Kremlin sözçüsü xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin bir gün əvvəl qarşıdakı danışıqların mövzusunu - sülh yolu ilə həll edildikdən sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsini açıqlayıb.
“Bu, sülh yolu ilə nizamlama əldə edilməsinin çox vacib hissəsidir. Bunsuz hərtərəfli həll mümkün deyil”, - deyə Peskov vurğulayıb.
Avropa nümayəndələrinin müzakirələrdə mümkün iştirakı ilə bağlı sualı cavablandıran Peskov qeyd edib ki, bu variantı əvvəlcədən istisna etmək olmaz. Lakin Əbu-Dabidə keçiriləcək qarşıdakı görüş üçtərəfli formatda keçiriləcək.
Onun sözlərinə görə, sonrakı müzakirələrdə iştirakçıların tərkibini müəyyən etmək hələ də çətindir. O əlavə edib ki, digər iştirakçılar olmazsa, Avropa təhlükəsizlik arxitekturasını müzakirə etmək mümkün olmayacaq, lakin prosesin Rusiya-ABŞ-Ukrayna formatında başlaması gözlənilir. Avropa İttifaqının diplomatik prosesə cəlb olunması ehtimalını şərh edən Dmitri Peskov bildirib ki, Moskvanın münasibəti Avropa nümayəndələrinin mövqeyindən asılı olacaq.
Kreml sözçüsü, həmçinin Rusiyanın qarşıdan gələn görüşdə imzalanmaq üçün sənədlər hazırlaması məsələsinin hələ vaxtsız olduğunu deyib.
