Fransanın daxili işlər naziri Loran Nunyes şənbə günü keçirilməsi planlaşdırılan etirazlara cavab olaraq yüksək mobil, sürətli və effektiv əməliyyat planını elan edib.
NUHÇIXAN xəbər verir ki, nazir oktyabrın 24-də ölkə daxilində 70 min polis əməkdaşı və jandarmın səfərbər olunacağını bildirib. BFMTV-nin məlumatına görə, Nunyes deyib: “Talançılara və vandallara qarşı barışmaz olacağıq. Maksimum sərtlik əmri verdim”.
Nazir əlavə edib ki, binaları qorumaq üçün Fransa polisindən xüsusi qüvvələr də yerləşdiriləcək. Helikopterlər, dronlar və digər xüsusi avadanlıqlardan istifadə olunması da planlaşdırılır. Daxili işlər naziri qeyd edib: “Sosial mediada solçu radikalların hökumət binalarına hücum çağırışlarını görürük”.
Hakimiyyət orqanları tərəfindən tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, oktyabrın 24-də Fransada 400 min ilə 500 min arasında insan etirazlarda iştirak edə bilər. Bu barədə TF1 məlumat verib. Televiziya kanalının məlumatına görə, nümayişlər “Nümayişlərə qoyulan qadağaya etiraz edin, dövləti sarsıdın” şüarı altında planlaşdırılır.
Bu arada, Fransanın ərazi kəşfiyyat xidməti bildirir ki, biznes sahibləri öz əmlaklarını özləri müdafiə etməyə hazırlaşırlar. Kəşfiyyat xidmətinin məlumatına görə, biznesmenlər topdansatış mağazalarından gözyaşardıcı qaz balonları, elektroşokerlər və digər özünümüdafiə vasitələrini alırlar.
