Avropada qaz qiymətləri həftəyə artımla başlayıb

A- A A+

Avropada təbii qaz qiymətləri Yaxın Şərqdə hərbi qarşıdurmanın kəskinləşməsi nəticəsində qlobal mayeləşdirilmiş təbii qaz (LNG) təchizatına dair narahatlıqların artması və qış öncəsi qitədə qaz anbarlarının doluluq səviyyəsinin tarixi orta göstəricilərdən aşağı qalması fonunda həftəyə artımla başlayıb.

NUHÇIXAN  xəbər verir ki, Niderlandın TTF habında noyabr fyuçersləri üzrə qazın bir meqavat-saatının qiyməti 1,9 faiz artaraq 95,65 avroya yüksəlib. Beləliklə, Avropada qaz qiymətləri 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyələrdə qalmaqda davam edib.

Ekspertlərin fikrincə, Yaxın Şərqdə hərbi qarşıdurmanın genişlənməsi qış mövsümü ərəfəsində qlobal təbii qaz təchizatı ilə bağlı narahatlıqları artırır. Münaqişə başlamazdan əvvəl qlobal LNG təchizatının təxminən beşdə birini təmin edən Körfəz mənşəli tədarüklər ciddi şəkildə pozulub. Regiondan həyata keçirilən qaz tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 80 faiz azalıb.

“Gas Infrastructure Europe”nın (GIE) məlumatlarına görə, Avropa İttifaqı ölkələrində təbii qaz anbarlarının doluluq səviyyəsi 74,6 faiz təşkil edir. Havanın soyuması ilə əlaqədar bəzi Aİ ölkələrinin anbarlardakı qaz ehtiyatlarından istifadə etməyə başlaması qış mövsümü ərəfəsində enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Qaz anbarlarının doluluq səviyyəsinin tarixi orta göstəricilərdən aşağı olması Avropanın mümkün yeni təchizat fasilələrinə və istilik enerjisinə tələbatın artmasına qarşı manevr imkanlarını məhdudlaşdırır. Bu vəziyyət qarşıdakı aylarda təbii qaz bazarını qiymət artımları qarşısında daha həssas edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: