Misir, Əlcəzair və Tunisin xarici işlər nazirləri xarici qoşunların, o cümlədən muzdlu əsgərlərin Liviyadan çıxarılmasına çağırıblar.
NUHÇIXAN “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Liviya ilə bağlı üçtərəfli danışıqlardan sonra verilən birgə bəyanatda nazirlər Liviyanın birliyini və suverenliyini qoruyan, ardıcıl keçid dövrlərinə son qoyan, vahid, qanuni dövlət qurumlarını yaradan BMT-nin dəstəyi ilə siyasi həll prosesini dəstəkləyiblər.
Misir, Əlcəzair və Tunisin xarici işlər nazirləri üçtərəfli mexanizm çərçivəsində 2026-cı il mayın 21-də keçirilən Qahirə görüşünün nəticələrini müzakirə ediblər.
Misir Xarici İşlər Nazirliyinin sözçüsü Nader Zəki bildirib ki, müzakirələr Liviyanın yaxın qonşularının ölkədəki inkişaflarla bağlı mövqelərinin əlaqələndirilməsinə yönəlib.
O, xarici ölkələrin diktələrini qəti şəkildə rədd edərək vurğulayıb ki, yalnız Liviya daxilində nizamlanma davamlı sabitliyi təmin edə bilər. XİN sözçüsünün sözlərinə görə, nazirlər, həmçinin müvafiq beynəlxalq qətnamələrə uyğun olaraq bütün xarici qüvvələrin, muzdluların və xarici döyüşçülərin Liviya ərazisindən dərhal çıxarılmasını tələb ediblər.
