Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts Uzaq Şərq ölkələrinə səfər ediblər.
NUHÇIXAN xəbər verir ki, Prezident Frank-Valter Ştaynmayer oktyabrın 31-dək Çində, Kansler Fridrix Merts isə Sinqapur, Yaponiya və Koreya Respublikasında səfərdə olacaq.
Almaniya Prezidenti səfər çərçivəsində Çin Prezidenti Si Cinpin və digər yüksək səviyyəli şəxslərlə görüşlər keçirəcək. Frank-Valter Ştaynmayer, həmçinin dayanıqlı şəhərsalma, texnologiya, atmosfer tədqiqatları və qadınların cəmiyyətdə rolu ilə bağlı layihə və qurumlarla tanış olacaq, Pekin Universitetində tələbələr qarşısında çıxış edəcək və elmi müzakirələrə qatılacaq.
Almaniya Kansleri isə səfəri çərçivəsində Sinqapurun Baş naziri Lourens Vonq və Prezident Tarman Şanmuqaratnam, Yaponiyanın Baş naziri Sanae Takaiçi, eləcə də Cənubi Koreyanın Prezidenti Li Ce Myonq ilə görüşlər keçirəcək. Fridrix Merts Almaniya-Yaponiya Biznes Sammitində iştirak edəcək, Seulda isə Almaniya İqtisadiyyatının 19-cu Asiya-Sakit okean Konfransının açılışını edəcək. Kanslerin Şimali Koreya ilə sərhəddə yerləşən hərbisizləşdirilmiş zonaya səfəri də nəzərdə tutulur.
Fridrix Mertsi iqtisadi sahənin təmsilçilərindən ibarət nümayəndə heyəti müşayiət edir.
