Fransada “Sarı jiletlilər” hərəkatı oktyabrın 31-də ictimai azadlıqların müdafiəsi uğrunda yeni etiraz aksiyası keçirməyə çağırıb.
NUHÇIXAN xəbər verir ki, hərəkat hökuməti ölkədə artan narazılığa məhəl qoymamaqda, dialoqdan yayınmaqda və etirazçılara qarşı təzyiq göstərməkdə ittiham edir.
AFP agentliyinin məlumatına görə, Parisdə meriyaların və Milli Assambleyanın qarşısında toplantılar və oturaq etiraz aksiyaları planlaşdırılır. Hərəkatın nümayəndələri ölkədə insanların narazılığının artdığını, lakin səslərinin eşidilmədiyini bildiriblər.
Narazılığın səbəblərindən biri oktyabrın 24-də Parisdə keçirilən nümayişin marşrutunun son anda dəyişdirilməsi olub. Yürüşün əvvəlcə Bastiliya meydanından Nation meydanına qədər keçirilməsi nəzərdə tutulsa da, polis prefekturası marşrutu dəyişərək, İtaliya qapısından Vensen qapısına qədər müəyyən edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin gün Fransada təxminən 410 min nəfər etiraz aksiyalarında iştirak edib. Ümumi Əmək Konfederasiyası (CGT) isə iştirakçıların sayının 800 minə çatdığını açıqlayıb. Daxili işlər naziri Loran Nünes aksiyaların ümumilikdə sakit keçdiyini bildirsə də, təxminən min nəfərin saxlanıldığını qeyd edib.
Həmkarlar ittifaqları marşrutun son anda dəyişdirilməsini qəbuledilməz adlandıraraq, bunun nümayişçilərin təhlükəsizliyini riskə atdığını vurğulayıblar.
“Sarı jiletlilər” hərəkatının nümayəndələri isə hökumətin etirazçıları parçalamağa çalışdığını bildirərək, buna qarşı birliyin vacibliyini qeyd ediblər. Onların sözlərinə görə, ölkədə artan narazılıq məktəblərdə, universitetlərdə, yaşayış məhəllələrində və iş yerlərində özünü göstərir.
