Suriyanın fövqəladə hallar və fəlakətlərin idarə edilməsi naziri Rayed Əs-Saleh bazar ertəsi günü bildirib ki, hökumət minalar və partlamamış hərbi sursatlar ilə mübarizə üzrə üçillik strategiyanın bir hissəsi olaraq minaların ilk xəritəsini tezliklə təqdim edəcək.
NUHÇIXAN xəbər verir ki, suriyalı nazir ISNA xəbər agentliyinə verdiyi açıqlamada bildirib: “Milli Mina Təmizləmə Mərkəzi minalarla çirklənmiş əraziləri müəyyən etmək və təhlükəni aradan qaldırmaq üçün səyləri gücləndirmək strategiyasını həyata keçirir. Minalar və partlamamış hərbi sursatlar mülki şəxslərə və uşaqlara birbaşa təsir göstərdiyinə, eləcə də yenidənqurma işlərinə və kənd təsərrüfatı torpaqlarının istifadəsinə mane olduğuna görə Suriyanın üzləşdiyi ən ciddi problemlərdən biri olaraq qalır”.
Nazir əlavə edib ki, mövcud çətinliklərə baxmayaraq, mülki şəxsləri qoruyan və sakinlərin əkin sahələrindən istifadə etməsinə imkan verən konkret nəticələr əldə etmək məqsədilə minatəmizləmə planları və strategiyaları həyata keçirilir.
O əlavə edib: “Suriya, həmçinin Almaniya və Ukrayna ilə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi aparmaq və qabaqcıl minatəmizləmə texnologiyalarından faydalanmaq istiqamətində çalışır”.
Suriya hakimiyyəti Bəşər Əsəd rejiminin 2011-ci ildən 2024-cü ilə qədər mülki əhaliyə qarşı apardığı müharibədən sonra da baş verən partlayışlar nəticəsində ölüm və yaralanmalar barədə müntəzəm olaraq məlumat verir.
Suriya hakimiyyəti və Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil olmaqla beynəlxalq təşkilatlar müharibədən qalan minaları və partlamamış hərbi sursatları aşkar etmək üçün ölkənin bir neçə bölgəsində səhra əməliyyatlarını davam etdirir.
“Landmine Monitor”un məlumatlarına görə, 2011-ci ildən bəri Suriyada partlamamış hərbi sursatlar 13 mindən çox insanın ölümünə və ya yaralanmasına səbəb olub.
