Çexiya hökuməti qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətə cəlb edilmə müddətinin ləğvini dəstəkləyib.
NUHÇIXAN xəbər verir ki, bu təşəbbüsün məqsədi cinayət törətmiş şəxslərin hadisədən uzun illər keçsə belə, məsuliyyətdən yayınmasının qarşısını almaqdır.
Təklif bir qrup deputat və senator tərəfindən irəli sürülüb. Təşəbbüsün tərəfdarları müasir texnologiyaların, xüsusilə DNT analizinin inkişafının köhnə cinayətlərin araşdırılmasına yeni imkanlar yaratdığını bildirirlər.
Qeyd edək ki, 2026-cı ilin yanvarından Çexiyada qətl cinayətlərinin araşdırılması üçün müddət 20 ildən 30 ilədək artırılıb. Yeni təklif həmin müddətin tamamilə aradan qaldırılmasını nəzərdə tutur.
Bununla belə, hüquq ekspertləri təşəbbüsə ehtiyatla yanaşırlar. Onların fikrincə, uzun illər keçdikdən sonra şahidlərin xatirələri zəifləyə, sübutlar itə və istintaqın səmərəliliyi azala bilər. Tənqidçilər, həmçinin dəyişikliklərin hüquqi nəticələrinin ətraflı təhlil edilməsinin vacibliyini vurğulayırlar.
