Böyük Britaniyada hərbi aviabazanın yaxınlığında baş verən insidentlə bağlı 2 nəfərə ittiham irəli sürülüb
Böyük Britaniyada sentyabr ayında Qlosterşir qraflığında yerləşən və Amerika Birləşmiş Ştatları tərəfindən istifadə olunan RAF Fairford hərbi aviabazası yaxınlığında baş verən insidentlə əlaqədar iki nəfərə milli təhlükəsizlik qanunvericiliyi əsasında ittiham irəli sürülüb.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, onlar Böyük Britaniya vətəndaşlarıdır. 24 yaşlı Məhəmməd Əhməd Əbdülkərim xarici kəşfiyyat xidmətinə yardım göstərməkdə ittiham olunur. Onun İran kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilindiyi diqqətə çatdırılıb. Digər təqsirləndirilən şəxs - 24 yaşlı Numan Əsğir isə avqustun 22-də Böyük Britaniyanın maraqlarına zərər vurmaq məqsədilə girişi qadağan edilmiş əraziyə daxil olmaqda ittiham edilir. Onların Londonun Vestminster Magistrat Məhkəməsi qarşısına çıxarılacağı gözlənilir.
Məlumata görə, sentyabrın 27-də RAF Fairford aviabazası yaxınlığında üç şübhəli furqon aşkar edilib. Polis nəqliyyat vasitələrində partlayıcı maddə tapmasa da, müəyyən miqdarda benzin müsadirə edib. Hadisədən sonra aviabazanın ətrafında geniş təhlükəsizlik zonası yaradılıb və məhdudiyyətlər bir neçə gün qüvvədə qalıb.
