Almaniya Prezidentinin Çinə 5 günlük səfəri başlayıb

A- A A+

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Çinə 5 günlük dövlət səfəri başlayıb.

NUHÇIXAN xəbər verir ki, Prezident Frank-Valter Ştaynmayer səfərinə oktyabrın 27-də Çinin şərqindəki Anhuy əyalətinin paytaxtı Hefey şəhərindən başlayıb. Bu, Almaniya Prezidentinin təxminən səkkiz ildən sonra Çinə ilk səfəridir və Berlinlə Pekinin ticarət gərginliklərini tənzimləməyə çalışdığı bir dövrə təsadüf edir. Səfər ərəfəsində sosial şəbəkələrdə paylaşım edən Ştaynmayer bildirib ki, səfər Almaniyanın Çinlə çoxşaxəli münasibətlərinə və hər iki ölkənin üzləşdiyi çətinliklərə həsr olunacaq.

Prezident Frank-Valter Ştaynmayer Anhuyda Huanşan dağlarına baş çəkəcək, "Volkswagen" şirkətinin müəssisəsində olacaq.

Şanxay Beynəlxalq Tədqiqatlar Universitetinin tədqiqatçısı Cian Fen "Global Times" qəzetinə bildirib ki, Ştaynmayerin "Volkswagen" müəssisələrinə baş çəkməsi onun geniş strateji dialoqla yanaşı, praktiki sənaye əməkdaşlığına da böyük önəm verdiyini göstərir. Onun sözlərinə görə, "Volkswagen"in Anhuydakı fəaliyyəti avtomobil sektorunda Çin-Almaniya əməkdaşlığının yeni modellərini, o cümlədən Avropaya avtomobil ixracını əhatə edir. Ekspert qeyd edib ki, bu səfər Ştaynmayerə belə təşəbbüslərin ikitərəfli ticarət ziddiyyətlərinin həllinə necə kömək edə biləcəyini və əməkdaşlıq üçün yeni imkanlar aça biləcəyini bilavasitə müşahidə etmək imkanı verəcək.

“Çinin Almaniya və Avropa İttifaqı (AB) ilə münasibətləri elə bir nöqtəyə çatıb ki, ticarət gərginliyi və fərqli strateji qavrayışlar əməkdaşlığı getdikcə daha da çətinləşdirir”, - deyən Cian Fen əlavə edib ki, uzun müddətdir Çinlə daha sıx əlaqələrin tərəfdarı olan Ştaynmayer bu səfərdən ölkəni daha dərindən anlamaq və Almaniya liderlərini Çini Avropanın problemlərinin mənbəyi kimi deyil, strateji tərəfdaş kimi görməyə təşviq etmək üçün istifadə edə bilər.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin mətbuat konfransında bildirib ki, dünyanın ikinci və üçüncü ən böyük iqtisadiyyatları olan Çin və Almaniya arasındakı hərtərəfli strateji tərəfdaşlığın sağlam və sabit inkişafı təkcə hər iki ölkənin maraqlarına xidmət etmir, həm də Avropanın və dünyanın görmək istədiyi bir haldır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: