Fransanın “Əyilməz Fransa” (LFI) partiyasının deputatı Klemans Gette Yvelin departamentinin Trappes və La Verrière şəhərlərində baş vermiş irqçi hücumla bağlı məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə parlament istintaq komissiyasının yaradılmasını təklif edib.
NUHÇIXAN xəbər verir ki, deputat “Franceinfo” radiosuna açıqlamasında təşəbbüsü yenidən irəli sürdüyünü bildirib. Onun sözlərinə görə, Emmanuel Makronun prezidentliyi dövründə irqçi motivli cinayətlər ilk dəfə baş vermir.
Gette Fransada irqçi ritorikanın getdikcə daha açıq səsləndirilməsini tənqid edərək, bunun ölümcül hücum kimi nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb.
Oktyabrın 23-də Trappes və La Verrière şəhərlərində baş vermiş hücum nəticəsində Konqo mənşəli, 26 yaşlı Penqo Bossio Vangi həyatını itirib, 12 yaşlı uşaq da daxil olmaqla beş nəfər yaralanıb.
Qarışıq döyüş növləri (MMA) ilə məşğul olan gənc peşəkar döyüşçü olmağı arzulayırdı. O, üç il ərzində Sena-Sən-Deni departamentinin Obervilye şəhərində yerləşən “Atch Academy” klubunda məşq etmişdi. Yaxınları onu mehriban, şən və yumor hissi olan bir insan kimi xatırlayırlar.
Gəncin ailəsinə dəstək olmaq və dəfn xərclərini qarşılamaq üçün idman klubu tərəfindən ianə kampaniyası başladılıb.
Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) istintaqa qoşulub. Prezident Emmanuel Makron hadisəni “irqçi terror aktı” kimi qiymətləndirib.
“Franceinfo”nun məlumatına görə hökumətə suallar sessiyasından əvvəl Milli Assambleyada Penqo Bossio Vanginin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
