Məscidlərə hədə-qorxu ilə yazılmış qrafititlərdən tutmuş dindarlara hücumlara qədər müsəlmanlara qarşı nifrət Avropadakı icmaları təhlükəsizlikləri üçün narahat edib. Cümə günü Paris yaxınlığında baş verən ölümcül atışma bu narahatlıqları daha da artırıb.
NUHÇIXAN xəbər verir ki, bu fonda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos müsəlmanlara qarşı düşmənçiliyin Avropanın siyasi diskursuna daxil olduğu və qurumlar vasitəsilə yayıldığı barədə xəbərdarlıq edərək, onun yayılmasını “metastaz” ilə müqayisə edib.
O, İstanbulda keçirilən 9-cu vasitəçilik konfransı çərçivəsində jurnalistlərə bildirib: “Düşünürəm ki, bu, Avropa ən mürəkkəb haldır, çünki islamofobiya siyasi diskursda yer alıb”.
Britaniya Daxili İşlər Nazirliyinin rəqəmlərinə görə, İngiltərə və Uelsdə polis 2026-cı ilin martınadək müsəlmanları hədəf alan 5132 nifrət cinayəti qeydə alıb ki, bu da əvvəlki ilə nisbətən 15 faiz çoxdur. Almaniyada CLAIM monitorinq təşkilatı 2025-ci ildə müsəlmanlara qarşı 4096 hadisə qeydə alıb ki, bu da bir il əvvəlki 3080 hadisə ilə müqayisədə ciddi artım deməkdir. Bu rəqəmə ayrı-seçkilik, təhdid və şifahi təhqir, eləcə də fiziki zorakılıq, iki qətl və 214 bədən xəsarəti daxildir.
Migel Anxel Moratinos əlavə edib: “Adətən, siyasi seçkilərdə iqtisadiyyat, təhlükəsizlik, əsas narahatlıqlar barədə müzakirələr aparılır, bəs niyə İslamı müzakirə edirik? Niyə müsəlman icmaları ilə bağlı bu cür narahatlığımız olmalıdır?”.
Ali nümayəndə hökumətləri müsəlman icmalarına qarşı düşmənçiliyi təşviq edən ritorikaya meydan oxumağa və ayrı-seçkilik əleyhinə öhdəlikləri əməli işə çevirməyə çağırıb.
Bu yaxınlarda daha güclü institusional reaksiyaları təşviq etmək üçün Fransa, Böyük Britaniya, Almaniya və İspaniyaya səfər edən Moratinos hüquqi müdafiə, təhsilə investisiya qoyuluşu və islamofobiya hadisələrinin daha yaxşı monitorinqinin aparılmasını zəruri hesab edir.
İslamofobiya ilə mübarizə üzrə addımları açıqlayan Moratinos bildirib ki, hökumətlər hüquqi çərçivələri gücləndirməli, qərəz və yanlış məlumatlara qarşı çıxmaq üçün təhsilə böyük sərmayə qoymalıdır. “Bunun əsas səbəbi odur ki, Avropadakı insanların əksəriyyəti İslamın əsl mahiyyətini, müsəlman icmasının məramını bilmir, onlar bir-birlərinə hörmət etmək barədə maarifləndirilməyiblər”, - deyə o əlavə edib.
Moratinos əlavə edib ki, BMT-nin İslamofobiya ilə Mübarizə üzrə Beynəlxalq Günü tərəqqini təmsil edir, lakin maarifləndirmə praktik tədbirlərə gətirib çıxarmalıdır.
