İman, sevgi, harmoniya, mərhəmət, dostluq və həmrəylik anlayışları var. Lakin birdən-birə bunlar silaha çevrilir. Pis niyyətli insanlar, barbarlar, terrora əl atmaq, müharibə törətmək və ya hər hansı hərbi əməliyyat həyata keçirmək istəyənlər dinə istinad edirlər. Müxtəlif dini mesajlardan istifadə edirlər.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.
"Bəs dinin əsl mahiyyəti nədir? Biz özümüzə bu sualı verməliyik. Əlbəttə, mən din xadimlərinin müqəddəs şəxsiyyətlər olduğuna inanıram. Bəs dini mesajlardan istifadə edilərək müharibə və münaqişələr törədildikdən sonra nə baş verəcək? Tövratdan, Qurandan və İncildən gətirilən sitatlar bu münaqişələrə necə bəraət qazandırmaq üçün istifadə olunacaq? Axı bütün müqəddəs kitablarda elə fəsillər və məqamlar var ki, onların mənası birmənalı başa düşülmür. Bəzi insanlar həmin mətnlərdən başqalarını damğalamaq, tənqid etmək və onlara qarşı çıxmaq üçün istifadə edirlər. Başqalarına münasibətdə həmin sözləri qəbuledilməz hesab edirlər, halbuki bu sözlər onların öz müqəddəs kitablarının bir hissəsidir", - deyə BMT rəsmisi vurğulayıb.
