Qara dənizdə dron hücumuna məruz qalan gəmi Bolqarıstanın iqtisadi zonasına daxil olub

A- A A+

Oktyabrın 23-də Rumıniyanın Konstansa limanı yaxınlığında dron hücumuna məruz qalan “Khoryv” ticarət gəmisi Bolqarıstanın müstəsna iqtisadi zonasına daxil olub. Heyətsiz vəziyyətdə sürüklənən və qismən batmış gəmi bölgədə dəniz nəqliyyatı üçün təhlükə yaradır.

NUHÇIXAN  xəbər verir ki, Rumıniyanın “Financial Intelligence” nəşri Bolqarıstanın ixtisaslaşmış “Maritime.bg” portalına istinadla bu barədə məlumat yayıb.

Bildirildiyinə görə, Komor adalarının bayrağı altında üzən gəmi oktyabrın 27-də Rumıniya–Bolqarıstan dəniz sərhədi yaxınlığında, Sivriburun burnundan təxminən 13 dəniz mili şərqdə aşkarlanıb. Gəminin naviqasiya işıqları işləmir və göyərtəsində heyət yoxdur.

Rumıniyanın Dəniz Hidroqrafiya İdarəsi gəminin təhlükəli vəziyyətdə olması ilə əlaqədar xəbərdarlıq yayıb. Ərazidən keçən gəmilərin ondan azı bir dəniz mili məsafə saxlanılması tövsiyə edilib.

Bolqarıstanın nəqliyyat və müdafiə qurumları vəziyyəti izləyir. Gəminin texniki vəziyyətini qiymətləndirmək üçün əraziyə hərbi gəmi göndərilməsi imkanları müzakirə olunur. Lakin hələlik belə bir əməliyyatın başlandığı təsdiqlənməyib.

Qeyd edək ki, oktyabrın 23-də Konstansa sahillərindən təxminən 13 dəniz mili məsafədə baş verən hadisə zamanı “Khoryv” gəmisinin göyərtəsində 13 heyət üzvü olub. Xilasetmə əməliyyatı nəticəsində 9 nəfər sağ çıxarılıb, 1 dənizçinin meyiti tapılıb, daha 3 nəfər isə itkin düşmüş hesab olunur.

Gəminin Bolqarıstanın iqtisadi zonasına doğru sürüklənməsi dəniz nəqliyyatının təhlükəsizliyi ilə yanaşı, mümkün ekoloji risklərlə bağlı da narahatlıq yaradır. Bununla belə, yanacaq sızması və ya dənizin çirklənməsi barədə rəsmi məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: