Böyük Britaniya hökuməti enerji qiymətlərinin artmasının əhaliyə təsirini azaltmaq məqsədilə 20 milyon ailəyə 100 funt sterlinq (təxminən 230 manat) məbləğində birdəfəlik yardım ayırmağı planlaşdırır.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Con Hili parlamentdə 2026-cı ilin dövlət büdcəsini təqdim edərkən açıqlama verib. Şotlandiya, Uels və Şimali İrlandiya hökumətlərinə də analoji dəstək tədbirlərinin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaiti ayrılacaq.
Maliyyə naziri, həmçinin elektrik enerjisinə tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştin müddətinin 2027-ci ilin iyul ayına qədər uzadılacağını bildirib. Məqsəd qış və yaz aylarında əhalinin enerji xərclərini azaltmaqdır. Hökumət bu yardımların maliyyələşdirilməsi üçün bank sektoruna əlavə vergi tətbiq edəcək. Belə ki, 2027-ci ilin yanvarından etibarən bankların mənfəətinə tətbiq olunan əlavə vergi dərəcəsi 3 faiz bəndi artırılacaq. Müvəqqəti xarakter daşıyan bu tədbir 15 ay qüvvədə qalacaq.
