“Associated Press”: ABŞ Yaxın Şərqdəki müttəfiqlərinə aralıq seçkilərindən sonra İrana hücum edəcəyi barədə xəbərdarlıq edib
Anonimlik şərti ilə Associated Press (AP) agentliyinə danışan ABŞ-nin iki diplomatının sözlərinə görə, Vaşinqton administrasiyası Yaxın Şərq regionu ölkələrini İrana mümkün hücumlar və Tehranın potensial qisas tədbirləri barədə xəbərdar edib.
NUHÇIXAN agentliyin məlumatına istinadla xəbər verir ki, müttəfiqlərə potensial hücumların bir neçə gün davam edə biləcəyi və İranın mümkün qisas tədbirlərinin enerji obyektlərini və kritik infrastrukturu hədəf ala biləcəyi barədə xəbərdarlıq edilib, onlara müvafiq tədbirləri görülməsi tövsiyə olunub.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp hələ İrana yeni hücumlar edib-etməyəcəyi ilə bağlı yekun qərar verməyib.
Trampın İrana qarşı hücum təhdidləri və ABŞ-nin Yaxın Şərq və Körfəzdəki müttəfiqlərinə etdiyi xəbərdarlıqlar bölgədə genişmiqyaslı hücumların yenidən başlaması ilə bağlı narahatlıqları artırıb.
“The Wall Street Journal” (WSJ) nəşri də ABŞ-nin Körfəz ölkələrini İranla hərbi eskalasiyaya hazır olmaları barədə xəbərdar etdiyini yazıb.
Son həftələrdə noyabrın 3-dı keçiriləcək aralıq seçkilərindən əvvəl Respublikaçı namizədlərin kampaniyalarına diqqət yetirən Tramp İrana qarşı növbəti addımları ilə bağlı dəqiq açıqlama verməyib. İrana hücumlar səbəbindən benzin qiymətlərinin artması qlobal iqtisadiyyatın demək olar ki, bütün sektorlarında xərcləri artıraraq Respublikaçı namizədlərin seçki kampaniyalarına mənfi təsir göstərib. Yanacaq qiymətlərinin artması fonunda seçicilər ilə görüşən Respublikaçı namizədlər də müharibənin iqtisadi nəticələrinin təzyiqi ilə üzləşiblər.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ötən ayın sonlarında bölgədəki hərbi mövcudluğunu gücləndirmək üçün “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisini və San-Dieqodan Körfəzə dəniz piyadalarını daşıyan amfibiya desant gəmilərini yerləşdirib. Bu plan çərçivəsində bölgəyə təxminən 9000 əsgər göndərilib.
ABŞ rəsmisi bildirib ki, Yaxın Şərq regionunda 20 mindən çox dəniz piyadası və yüzlərlə təyyarə yerləşdirilə bilər. O qeyd edib ki, bu miqyaslı dəniz qüvvələrinin mövcudluğu son 20 ildə yalnız bir neçə dəfə müşahidə olunub. Aprel ayında ABŞ Hərbi Dəniz Qüvvələri 2003-cü ildən bəri ilk dəfə Yaxın Şərqdə eyni vaxtda üç təyyarədaşıyan gəmi yerləşdirib.
