Fransa Prezidenti Emmanuel Makron ölkədə oktyabrın 31-də və noyabrın 5-də keçirilməsi planlaşdırılan etiraz aksiyaları ərəfəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Yelisey sarayında müdafiə şurasının iclasını keçirib.
NUHÇIXAN xəbər verir ki, iclasda oktyabrın 17-də keçirilən nümayişlər zamanı yaranmış çətinliklər nəzərə alınaraq, mümkün iğtişaşların qarşısının alınması və ictimai asayişin qorunması məsələləri müzakirə olunub. Ötən həftəsonu aksiyalar ciddi insidentlər olmadan başa çatsa da, hakimiyyət orqanları yüksək hazırlıq səviyyəsini saxlamaq niyyətindədir.
Hökumətin sözçüsü Mod Brejonun bildirdiyinə görə, Makron qarşıdurmaların və hüquqpozma hallarının qarşısının alınmasının vacibliyini vurğulayıb. Prezident, eyni zamanda, lisey şagirdlərinin, tələbələrin və sosial hərəkat iştirakçılarının tələblərinin dinlənilməsinin, etirazçılarla dialoqun davam etdirilməsinin zəruriliyini qeyd edib.
Sosial iğtişaşlardan zərər çəkən sahibkarlara dəstək tədbirləri də nəzərdə tutulur.
Ticarət naziri Serj Papin bildirib ki, qarət və dağıntılardan zərər görmüş, işçi sayı 50 nəfərdən, illik dövriyyəsi isə 10 milyon avrodan az olan müəssisələrə 10 min avroyadək birbaşa yardım göstərilə bilər.
Nazirliyin qiymətləndirməsinə görə, zorakılıq halları təxminən 3 min müəssisəyə ziyan vurub. Hökumət qismən işsizlik və sığorta mexanizmləri vasitəsilə də sahibkarlara dəstək göstərməyi planlaşdırır.
İlin sonu bayramları ərəfəsində hakimiyyət nümayişlərin şəhər mərkəzlərindəki ticarət fəaliyyətinə təsirini də azaltmağa çalışır. Bu məqsədlə yürüş marşrutlarının bəzi hissələrinin dəyişdirilməsi nəzərdən keçirilir. Qarşıdakı aksiyalar hökumətin sosial gərginliyə və ictimai asayişlə bağlı çağırışlara reaksiyası baxımından mühüm sınaq olacaq.
