Qış aylarında havanın kəskin soyuması vəziyyətində Avropada təbii qazın qiymətinin gələn ilin əvvəlində meqavat-saat üçün 130 avroyadək yüksələ biləcəyi proqnozlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, “köhnə qitə”də qazın qiyməti Yaxın Şərqdə gərginliyin mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü çətinləşdirməsi və Asiyadan gələn yüksək tələbatın təsiri ilə ötən gün meqavat-saat üçün 100 avronu ötüb. Bu, 2022-ci ilin dekabrından bəri qeydə alınan ən yüksək göstərici olub. Hazırda Niderlandın TTF habında noyabr ayı üzrə fyuçers müqavilələri çərçivəsində qazın qiyməti meqavat-saat üçün 96 avro civarındadır.
Sentyabrın əvvəlində 70 avrodan aşağı səviyyədə olan qiymətlərin artmasına Hörmüz boğazında faktiki blokada səbəbindən Qətərin LNG tədarükünün əhəmiyyətli dərəcədə azalması təsir göstərib. Qlobal LNG tədarükünün təxminən beşdəbirini təmin edən Qətərin ixrac həcmi müharibədən əvvəlki səviyyənin dörddəbirinə enib.
Analitiklər təbii qazın qiymətinin 100 avronu ötməsinin tələbatı məhdudlaşdırmaq məqsədilə hökumətlərin müdaxiləsini gündəmə gətirə biləcəyini bildiriblər. Hörmüz boğazının yenidən açılması istiqamətində irəliləyişin olmaması qış mövsümündə qaz təchizatı ilə bağlı gözləntilərə mənfi təsir göstərir. Mümkün tədarük fasilələrinin qarşısını almağa çalışan Asiya idxalçıları isə spot bazara üz tuturlar.
Ekspertlər Çinin də təbii qaz ehtiyatları ilə bağlı hədəflərinə çatmaq üçün yüksək qiymətlərlə alışlar həyata keçirdiyini qeyd ediblər. Asiyada tələbatın yüksək olması LNG daşımalarının Avropa əvəzinə bu regiona yönəlməsinə səbəb olur. Nəticədə Asiya ilə LNG tədarükü uğrunda rəqabət aparan Avropa ölkələri daha yüksək qiymətlər təklif etməli olurlar.
Analitiklər noyabrın əvvəlində havanın temperaturunun mövsümi normadan aşağı olmasının gözlənildiyinə diqqət çəkiblər.
Bildirilir ki, küləyin sürətinin də aşağı olacağı proqnozlaşdırılır. Bu şərait hələ tam dolmamış qaz anbarlarından ehtiyatların götürülməsini sürətləndirə bilər.
