Çinin Kommersiya Nazirliyi ABŞ-nin 3 Çin genomika şirkətini "Uyğurların məcburi əməyinin qarşısının alınması haqqında qanun" çərçivəsindəki təşkilatlar siyahısına daxil etmək qərarını kəskin şəkildə pisləyib və buna qəti etirazını bildirib.
NUHÇIXAN xəbər verir ki, Çin tərəfi öz maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcəyini bəyan edib. Çində məcburi əməyin mövcud olmadığını bəyan edən nazirliyinin sözçüsü Sincan Uyğur Muxtar Rayonundakı bütün etnik qrupların nümayəndələrinin məşğulluq sahəsində azadlıq və bərabərlikdən faydalandıqlarını, onların əmək hüquqları və maraqlarının qanunvericiliyə uyğun qorunduğunu deyib.
Nazirlik rəsmisi qeyd edib ki, ABŞ-nin bu addımlarının heç bir faktiki əsası yoxdur. Onun sözlərinə görə, Vaşinqtonun bu addımı iki ölkə rəhbəri arasında əldə edilmiş razılaşmalara ziddir, Çin-ABŞ iqtisadi və ticarət əlaqələrinin sabitliyinə ciddi zərbə vurur və humanizm prinsiplərinə ziddir.
Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin internet səhifəsində yerləşdirilən bəyanata əsasən, ABŞ Çinin "BGI Genomics Co Ltd", "MGI Tech Co Ltd" və "Shenzhen BGI Technology Co Ltd" şirkətlərini etnik uyğurların məcburi əməyə cəlb edilməsi iddiası ilə sözügedən siyahıya daxil edib. Bu addım həmin 3 şirkətdən idxalın qadağan edilməsi deməkdir.
