Böyük Britaniyanın İngiltərə və Uels bölgələrində yüzlərlə ailə həkimliyi mərkəzinin (GP) internet saytının fəaliyyətində fasilələr yaranıb.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, buna səhiyyə müəssisələrinə onlayn xidmət göstərən “Silicon Practice” şirkətinin maliyyə çətinlikləri səbəbindən müflisləşmə proseduruna başlaması səbəb olub.
Şirkətin məlumatına görə, 1000-dən çox ailə həkimi məntəqəsi onun xidmətlərindən istifadə edir. Hazırda bu xidmətlərdən yararlanan bir sıra tibb müəssisələrinin internet saytlarına giriş mümkün deyil.
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS England) bildirib ki, ölkə üzrə fəaliyyət göstərən 6000-dən çox ailə həkimi məntəqəsinin 10 faizindən azı yaranmış problemdən təsirlənib.
