Britaniyada sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb

A- A A+

Böyük Britaniyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə qoyulacaq qadağa ərəfəsində istifadəçilərin yaşının müəyyənləşdirilməsi üçün yeni yoxlama üsulları təklif edilib.

NUHÇIXAN  BBC-yə istinadla xəbər verir ki, ölkənin rabitə və media tənzimləyicisi “Ofcom” sosial şəbəkə istifadəçilərinin 16 yaşdan yuxarı olub-olmadığını müəyyənləşdirmək üçün ən effektiv hesab etdiyi üsulları açıqlayıb.

Gələn ilin martında qüvvəyə minməsi nəzərdə tutulan qadağa “Instagram”, “TikTok” və “Snapchat” da daxil olmaqla, 10 böyük sosial media platformasını əhatə edəcək. Yeni qaydalara əsasən, 16 yaşına çatmayan şəxslərin bu platformalara girişi məhdudlaşdırılacaq. Eyni zamanda, milyonlarla yetkin istifadəçinin də yaşını təsdiqləməsi tələb oluna bilər.

“Ofcom” yaşın yoxlanılması üçün dörd əsas üsul təklif edib. Bunlara şəxsiyyəti təsdiq edən fotoşəkilli sənədlərin istifadəçinin real vaxt rejimində çəkilmiş görüntüsü ilə müqayisəsi, bank məlumatları əsasında yaşın müəyyənləşdirilməsi, süni intellekt vasitəsilə üz cizgilərinə əsaslanan yaş təxminetmə texnologiyası və rəqəmsal şəxsiyyət vəsiqəsi xidmətlərindən istifadə daxildir. Qurumun bildirdiyinə görə, xüsusilə 16-17 yaşlı şəxslərin yaşını müəyyənləşdirmək çətinlik yaradır. Belə ki, bu yaş qrupuna aid şəxslərin kredit kartı, tam sürücülük vəsiqəsi və ya pasportu olmaya bilər.

Bundan əlavə, insanların xarici görünüşü onların faktiki yaşından fərqlənə bilər.

Təklif olunan yoxlama üsulları hökumətin təsdiqindən sonra tətbiq edilə bilər. Qeyd edək ki, oxşar qadağa ötən il Avstraliyada tətbiq olunub. Lakin bir çox yeniyetmənin məhdudiyyətlərdən yayınmağın yollarını tapdığı bildirilir. Böyük Britaniya hökuməti isə daha sərt nəzarət mexanizmləri tətbiq etmək niyyətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: