Böyük Britaniyanın Vergi və Gömrük İdarəsi vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ölkə ilə vergi əlaqəsi olan 200-dən çox milyarderin maliyyə fəaliyyətinə nəzarəti gücləndirir.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, yeni təşəbbüs çərçivəsində müəyyən edilmiş hər bir milyarderə fərdi vergi nəzarəti üzrə menecer təyin olunacaq. Bu mütəxəssislər vergi ödəyicilərinə öhdəliklərini düzgün yerinə yetirməkdə kömək edəcək, həmçinin vergi bəyannamələri təqdim olunmazdan əvvəl onlarla məsləhətləşmələr aparacaqlar.
Vergi və Gömrük İdarəsinin məlumatına əsasən, 2024–2025-ci maliyyə ilində varlı şəxslərlə bağlı ödənilməmiş vergilərin məbləği 3,6 milyard funt sterlinq olaraq qiymətləndirilib. Bu göstərici ölkə üzrə ümumi vergi kəsirinin 6 faizini təşkil edib. Nəzarətə götürülən milyarderlərin hamısı Böyük Britaniyada yaşamır. Onların arasında ölkədə vergi öhdəliyi olan və fərdi vergi bəyannaməsi təqdim etməli şəxslər də var.
Hazırda Böyük Britaniyada təxminən 2400 varlı şəxsə artıq fərdi vergi nəzarəti üzrə menecer təyin edilib. Bununla yanaşı, Vergi və Gömrük İdarəsi yüksəkgəlirli şəxslərin vergi fəaliyyətini izləmək üçün yeni texnologiyalardan istifadə etməyi planlaşdırır. Bu məqsədlə qabaqcıl məlumat təhlili sistemləri, avtomatlaşdırılmış xəbərdarlıq mexanizmləri və süni intellekt tətbiq olunacaq. Yeni texnologiyaların mümkün vergi risklərini daha erkən müəyyənləşdirməyə və nəzarət tədbirlərini daha səmərəli həyata keçirməyə imkan verəcəyi gözlənilir.
