Son bir həftə ərzində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 10-dan çox hərbi nəqliyyat təyyarəsi İsrailin hava bazalarına eniş edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Times of Israel” aviasiya mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, uçuşların əksəriyyəti Texas ştatındakı Biggs Ordu Aerodromundan həyata keçirilib. Təyyarələr İsrailin cənubundakı Nevatim və Ovda hava bazalarına enib.
Nəşr qeyd edir ki, ABŞ-ın İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytdəki hərbi bazalarına da əlavə yük uçuşları həyata keçirilib.
Daşınan yüklərin tərkibi açıqlanmayıb. Bununla belə, uçuşların ABŞ-nin İranla mümkün yeni qarşıdurma ehtimalı fonunda regionda hava hücumundan müdafiə sistemlərini gücləndirmək tədbirləri ilə bağlı olduğu ehtimal edilir.
Qeyd edək ki, “The Wall Street Journal” daha əvvəl ABŞ-nin Texasdan İsrailə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərdiyini yazıb.
