Efiopiyanın Amhara bölgəsində məcburi köçkünlərin məskunlaşdığı düşərgəyə pilotsuz uçuş aparatları ilə endirilən bir neçə zərbə nəticəsində 16 nəfər həlak olub. Onların arasında uşaqlar da var. Hadisə cümə axşamı paytaxt Əddis-Əbəbədən təxminən 400 kilometr məsafədə baş verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “France-Presse” agentliyinə üç şahid məlumat verib.
Şahidlərdən biri bildirib ki, düşərgəyə ardıcıl olaraq dörd dron zərbəsi endirilib. Onun sözlərinə görə, 14 nəfər düşərgədə dəfn edilib, daha iki nəfər isə xəstəxanada müalicə alarkən dünyasını dəyişib. Həlak olanlar arasında hamilə qadınlar və uşaqlar da var. Düşərgənin digər iki sakini də ölənlərin sayının 10-dan çox olduğunu bildirib.
Qeyd edək ki, əhalisinin sayına görə Afrikanın ikinci ən böyük ölkəsi olan Efiopiyada, təxminən 130 milyon insan yaşayır və ölkənin müxtəlif bölgələrində bir neçə silahlı münaqişə davam edir.
