Qış fəslinin sərt keçəcəyi təqdirdə Avropada 1000 kubmetr təbii qazın qiyməti 2500 dollara yüksələ bilər.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bunu “Gazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller deyib.
O qeyd edib ki, Qərb ekspertlərinin payız-qış mövsümündə təbii qazın 1000 kubmetrinin qiymətinin 1200 dollaradək yüksələcəyi ilə bağlı proqnozu artıq oktyabr ayında reallaşıb: “Avropanın yeraltı qaz anbarlarında ehtiyatların həcmi tarixi minimum səviyyədədir. Avropanın ən böyük təbii qaz istehlakçısı olan Almaniyada qaz anbarlarının doluluq səviyyəsi cəmi 61,6 faiz təşkil edir”.
A.Millerin sözlərinə görə, anbarlarda qaz ehtiyatlarının aşağı səviyyədə olması qışın soyuq keçəcəyi təqdirdə Avropada təbii qazın qiymətinin pik dövrlərdə 1000 kubmetr üçün 2500 dollaradək yüksəlməsinə səbəb ola bilər.
Avropa İttifaqının Enerji Tənzimləyicilərinin Əməkdaşlıq Agentliyinin (ACER) məlumatına görə, oktyabr ayında ittifaq ölkələrində təbii qaz anbarlarının doluluq səviyyəsi 75 faiz təşkil edib ki, bu da son 9 ilin orta göstəricisindən aşağıdır. Eyni zamanda, mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündə yaranan fasilələr qiymətlərə əlavə təzyiq göstərir.
