İrlandiya hökuməti Böyük Britaniyanın tərkibində olan Şimali İrlandiya ilə gələcəkdə mümkün birləşmənin perspektivlərini araşdırmaq üçün ilk dəfə xüsusi dövlət qurumu yaradacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə İrlandiyanın Baş naziri Mixol Martin “The Irish Times” qəzetinə müsahibəsində bildirib. Baş nazirin sözlərinə görə, yeni qurum İrlandiyanın konstitusion gələcəyi ilə bağlı müxtəlif ssenariləri, onların həyata keçirilməsi imkanlarını və yarana biləcək çətinlikləri araşdıracaq.
Nəzərdən keçiriləcək variantlar arasında Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalması, eləcə də vahid İrlandiyanın tərkibinə daxil olaraq özünüidarəetmə statusunu saxlaması da yer alır.
Mixol Martin bildirib ki, konstitusion gələcəklə bağlı etibarlı müzakirələrin aparılması üçün müstəqil və qərəzsiz məlumat bazasının formalaşdırılmasına ehtiyac var.
Qeyd edək ki, 1998-ci ildə imzalanmış Belfast Sazişinə əsasən, Şimali İrlandiya əhalisinin əksəriyyətinin İrlandiya ilə birləşməni dəstəkləyəcəyi ehtimalı yarandığı təqdirdə, Böyük Britaniya hökuməti bu məsələ ilə bağlı referendum təyin etməlidir.
