Kimi Antonelli “Formula 1”də rekorda imza atıb

A- A A+

İtaliyalı Kimi Antonelli “Formula 1” tarixində dünya çempionu titulunu qazanan ən gənc pilot kimi tarixə düşüb.

NUHÇIXAN  xəbər verir ki, o, Meksika Qran-Prisinin nəticələrinə əsasən vaxtından əvvəl dünya çempionluğunu rəsmiləşdirib. “Mercedes” komandasının üzvü bu uğura 20 yaş 69 günlük olarkən imza atıb. Bununla da o, 2010-cu ildə 23 yaş 134 günlük olarkən ilk çempionluğunu qazanan almaniyalı Sebastian Fettelin rekordunu yeniləyib.

İtaliyalı pilot Mexikoda keçirilən yarışı üçüncü pillədə başa vurub. Titula sahib olmaq üçün ona əsas yarışda ilk doqquzluğa düşmək və ən azı iki xal toplamaq kifayət edirdi. Qran-Prinin qalibi “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen olub. “Ferrari”nin britaniyalı pilotu Lyuis Hemilton isə ikinci yeri tutub.

Meksika Qran-Prisindən əvvəl Antonelli ən yaxın rəqibləri Corc Rasseli 123, Lyuis Hemiltonu isə 124 xal qabaqlayırdı. O, cari mövsümdə bundan əvvəl doqquz yarışda qələbə qazanıb.

2025-ci ildən “Mercedes” komandasının şərəfini qoruyan Antonelli “Formula 1” tarixində dünya çempionu olan üçüncü italiyalı pilotdur. Ondan əvvəl Cüzeppe Farina 1950-ci, Alberto Askari isə 1952 və 1953-cü illərdə çempionluq qazanıb.

Qeyd edək ki, çempionatın növbəti mərhələsi noyabrın 8-də Braziliyanın San-Paulu şəhərində keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: