Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) iştirakı ölkədə yaşayan xalqlar arasında tarixi və mədəni əlaqələr baxımından başadüşülən və məqsədəuyğun olardı.
NUHÇIXAN xəbər verir ki, bu fikri RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın təşkilata mümkün qoşulması ilə bağlı suala cavab olaraq ifadə edib.
Onun sözlərinə görə, Rusiya tərəfi hələ rəsmi dəvət almayıb. Lakin o, bu mövzunun Qazaxıstanla qarşıdakı təmaslar zamanı müzakirə olunacağını istisna etməyib.
Kremlin sözçüsü bildirib: “Yəqin ki, bu mövzu Astana ilə, Astanadan olan dostlarımızla təmaslarımızın gündəliyində olacaq”.
Peskov xatırladıb ki, Rusiyada yaşayan xalqlar tarixən türk dili və mədəniyyəti birliyinə mənsubdurlar.
“Əlbəttə, bu səbəbdən iştirakımız tamamilə başadüşülən, məqsədəuyğun və təbii olardı”, - deyə o qeyd edib.
Eyni zamanda, Rusiya liderinin mətbuat katibi vurğulayıb ki, müzakirə ayrı-ayrı Rusiya bölgələri deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakı ilə bağlı olmalıdır.
Bundan əvvəl, oktyabrın 30-da Ankarada keçirilən TDT-nin Zirvə toplantısında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “TDT+” formatında iştirakını və ya ona müşahidəçi statusu verilməsini nəzərdən keçirməyi təklif etmişdi. O, Rusiyanın əsrlər boyu Türk dünyası ilə sıx əlaqələr saxladığını və təşkilatın fəaliyyətində iştirakının qrupdakı bütün dövlətlərə fayda verə biləcəyini bildirmişdi.
