Amerikanın “Falcon 9” ağır daşıyıcı raketi “Starlink” qlobal internet sisteminin qurulması üçün nəzərdə tutulan ilk 60 mini-peyki orbitə çıxarıb.
NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “SpaceX” kompaniyası məlumat yayıb. “Falcon 9” ikipilləli raketi NASA-nın Florida Ştatında yerləşən Kanaveral burnundakı 40-cı start kompleksindən fəzaya buraxılıb.
Startdan təxminən bir saat iki dəqiqə sonra 440 kilometr hündürlükdə “peykləri raketdən ayrılıb. Peyklər nəzərdə tutulan 550 kilometrlik hündürlüyə öz mühərrikləri vasitəsi ilə qalxacaq.
“SpaceX” kompaniyasına məxsus “Falcon 9” daşıyıcı raketin orbitə çıxardığı yükün ümumi çəkisi 18,5 ton təşkil edib. Raketin çox istifadəli ilk pilləsi startdan 8,5 dəqiqə sonra Florida ştatı sahillərindəki “Of Course I Still Love You” üzən avtomatik platformaya enib.
Kompaniya Yer kürəsi sakinlərini planetin istənilən guşəsində genişzolaqlı internetlə təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün orbitə 12 min belə kosmik aparat çıxarmağı planlaşdırır. Onların hamısının 2020-ci ildən sonra orbitə çıxarılacağı gözlənilir. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollara bərabərdir.
“SpaceX” qlobal internet örtüyünün təmin olunması üçün orbitdə iri peyk qruplaşmasının qurulmasına çalışan kompaniyadan biridir. Onların arasında “OneWeb”, “Telesat”, “LeoSat” və “Amazon” kompaniyaları da var. “OneWeb” cari ilin fevral ayında öz sistemi ilə təchiz olunan ilk altı peyki orbitə çıxarıb.