İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

A- A A+

İsveçdə “ICA” və “Coop” ticarət şəbəkələrinə məxsus bir neçə ərzaq mağazasında soyuducu və dondurucu avadanlıqlarda ciddi nasazlıqlar yaranıb. Supermarketlərdən birinin əməkdaşları hadisənin haker hücumu nəticəsində baş verdiyini bildirsələr də, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

NUHÇIXAN  xəbər verir ki, “ICA” şəbəkəsinə məxsus Şöbu şəhərindəki supermarketlərdən birinin əməkdaşlarının məlumatına görə, gecə saatlarında naməlum şəxslər soyuducu avadanlıqların idarəetmə sisteminə müdaxilə edərək temperaturu 50 dərəcəyə qədər yüksəldiblər. Nəticədə mağaza yararsız hala düşmüş ərzaq məhsullarını məhv etməyə məcbur olub. Şəbəkənin Tomelilla şəhərində yerləşən digər supermarketinin fəaliyyəti isə müvəqqəti dayandırılıb.

“ICA” şirkəti bir neçə mağazada nasazlıqların baş verdiyini təsdiqləyib. Lakin hadisədən zərər çəkən mağazaların dəqiq sayı hələ məlum deyil.

Oxşar problemlər İsveçin mərkəzi hissəsində yerləşən “Coop” şəbəkəsinin altı mağazasında da qeydə alınıb. Bəzi mağazalarda ayrı-ayrı soyuducu kameralar sıradan çıxıb, digərlərində isə bütün soyuducu və dondurucu avadanlıqların fəaliyyəti dayanıb.

Hadisə Fransada yüzlərlə supermarketin soyuducu avadanlıqlarının işinin hakerlər tərəfindən pozulmasından təxminən üç həftə sonra baş verib. Həmin hücum zamanı kibercinayətkarlar əridilmə sistemlərini məsafədən işə salaraq soyuducu avadanlıqların normal fəaliyyətini pozmuşdular.

“Coop” şirkətindən bildiriblər ki, Fransadakı hadisədən sonra öz mağazalarında da eyni tipli avadanlıqların istifadə olunduğunu müəyyən ediblər və onların dəyişdirilməsi üçün əvvəlcədən yeni sistemlər sifariş olunub.

Mağaza əməkdaşlarının haker hücumu ilə bağlı açıqlamalarına baxmayaraq, “ICA” və “Coop” şirkətlərinin rəhbərliyi hazırkı nasazlıqların kiberhücum nəticəsində baş verdiyini hələlik təsdiqləməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: