Fransa Prezidenti Emmanuel Makron enerji böhranı dövründə ölkəsinə göstərdikləri yardıma görə Yaxın Şərqdən olan tərəfdaşlarına təşəkkür edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Makron "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O qeyd edib ki, regiondan enerji resurslarının tədarükünün sabitləşməsi nəticəsində Fransada dizelin litrinin qiymətini 10 avrosentdən çox azaltmaq mümkün olub.
Makron xatırladıb ki, oktyabr ayında Fransa yanacaq təklifinə və qiymətlərinə təzyiqi operativ şəkildə azaltmaq məqsədilə strateji ehtiyatlarından 10 milyon barel neftin bazara çıxarılması barədə də qərar qəbul edib.
Bundan başqa, ölkə enerji resurslarının fasiləsiz tədarükünü təmin etmək məqsədilə Yaxın Şərqdəki tərəfdaşları ilə danışıqlar aparıb. Makronun sözlərinə görə, tərəfdaşlar müvafiq öhdəliklərə sadiqdirlər və artıq əhəmiyyətli həcmdə tədarüklər təmin edilib.
"Onlar bizə tərəf addım atıblar və biz buna görə onlara minnətdarlığımızı bildirmək istəyirik. Nəticə göz qabağındadır: bir litr dizel yanacağının qiyməti 10 avrosentdən çox ucuzlaşıb və bütün bunlar vergilərdə heç bir dəyişiklik, populist tədbirlər olmadan baş verib. Konkret qərarlar real nəticələr verir", - o deyib.
Fransa Prezidenti həmçinin qeyd edib ki, Yaxın Şərqdəki eskalasiya Fransanın seçimi deyildi, buna görə də onun vətəndaşları bunun bədəlini ödəməməlidirlər: "Məhz buna görə də biz Hörmüz boğazında azad gəmiçiliyin bərpasına yönəlmiş diplomatik səylərimizi davam etdiririk".
