Süni intellektə investisiyaların azalması Britaniya iqtisadiyyatında tənəzzül riskini artıra bilər

A- A A+

Böyük Britaniyada süni intellekt sahəsinə yatırılan investisiyaların artım tempinin zəifləməsi ölkə iqtisadiyyatında ciddi tənəzzül riski yarada bilər.

NUHÇIXAN  BBC-yə istinadla xəbər verir ki, bu barədə “Oxford Economics” konsaltinq şirkətinin iqtisadçıları xəbərdarlıq ediblər. Şirkətin təhlilinə əsasən, ötən ilin əvvəlindən etibarən məlumat mərkəzlərinə və süni intellekt infrastrukturlarına yönəldilən böyükhəcmli investisiyalar Britaniya iqtisadiyyatının artımını dəstəkləyən əsas amillərdən biri olub. Bu investisiyalar olmadan ölkədə iqtisadi artımın olduqca zəif olacağı bildirilir.

İqtisadçıların hesablamalarına görə, süni intellekt sahəsinə yatırılan vəsaitlər ötən il Böyük Britaniyanın ümumi daxili məhsulunun (ÜDM) artımına təxminən 0,2 faiz bəndi töhfə verib. Cari ildə də analoji göstəricinin qeydə alınacağı gözlənilir. “Oxford Economics” qeyd edir ki, bu investisiyaların təsiri nəzərə alınmadıqda Britaniya iqtisadiyyatının illik artım tempi təxminən 1 faiz səviyyəsində qalardı.

Təhlildə Böyük Britaniyanın ABŞ, Kanada, Yaponiya və İsveçlə yanaşı, son illərdə süni intellekt investisiyalarından ən çox faydalanan ölkələrdən biri olduğu vurğulanır. Xəbərdarlıq texnologiya şirkətlərinin səhmlərinin son həftələrdə kəskin ucuzlaşması fonunda səsləndirilib. İnvestorlar süni intellektə yönəldilən böyük həcmli vəsaitlərin gözlənilən gəlirliliyi təmin edib-etməyəcəyindən narahatdırlar.

Bu narahatlıqlar fonunda ABŞ-nin texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq” indeksi üçün oktyabr ayı son bir il yarımın ən zəif ayı olub. İqtisadçılar bildirirlər ki, süni intellekt sektoruna investisiyaların azalması onsuz da zəif artım nümayiş etdirən Britaniya iqtisadiyyatına əlavə təzyiq göstərə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: