Geosiyasi gərginliklər fonunda qlobal neft qiymətlərinin artması inkişaf etməkdə olan ölkələrə ən ağır zərbə vurub. Belə ki, inkişaf etmiş iqtisadiyyatlara nisbətən bu ölkələrdə yanacağın qiymətləri xeyli artıb.
NUHÇIXAN Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) ekspertlərinə istinadla xəbər verir ki, 2026-cı il fevralın 23-dən avqustun 31-dək Nigeriyada dizel yanacağının qiyməti 82,7 faiz, Livanda 73,6 faiz, Peruda 66,7 faiz və Moldovada 61,8 faiz artıb. Bu arada, Myanmada benzinin qiyməti 50,7 faiz, Nigeriyada 48,1 faiz və Peruda 40,6 faiz qalxıb. Təhlil edilən 25 ölkədən 18-də dizel yanacağının qiyməti (dollarla ifadədə) 50 faizdən çox artıb.
Təşkilatın məlumatına görə, qiymət şoku Yaxın Şərqdəki münaqişə fonunda enerji təchizatında yaranan fasilələrlə əlaqədardır. “Brent” markalı xam neftin qiyməti bir barel üçün 120 dollardan yuxarı qalxıb və sentyabr ayınadək 2026-cı ilə qədər çatdırılma üçün fyuçers qiymətləri 100 dolları keçib. Hesabata görə, yanacağın qiymətlərində ən kəskin artım inkişaf etməkdə olan iqtisadiyyatlara təsir edib.
Benzinin qiymətləri də kəskin şəkildə artıb. Ən böyük artım Myanmada (50,7 faiz) qeydə alınıb. Nigeriyada benzinin qiyməti 48,1 faiz, Peruda isə 40,6 faiz artıb.
Yanacaq idxalından asılı olan ölkələr xüsusilə həssas olub. Artan enerji xərcləri qida, dərman və avadanlıq da daxil olmaqla digər zəruri malların alınması imkanlarını azaldır və hökumətlərin əhalini dəstəkləmək planlarını məhdudlaşdırır.
UNCTAD xəbərdarlıq edir ki, yanacaq qiymətlərinin daha da artması inflyasiya təzyiqlərini artıra və ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azalda bilər.
Bu cür şoklardan asılılığı azaltmaq üçün təşkilat enerji mənbələrini şaxələndirməyə və əlverişli bərpaolunan enerjiyə investisiyaları artırmağa çağırır. UNCTAD-ın hesablamalarına görə, müşahidə aparılan halların 90 faizindən çoxunda bərpaolunan enerji elektrik enerjisi istehsalı üçün ən əlverişli yeni qazıntı yanacağı alternativlərindən daha ucuzdur.
